Şəfaqət Həbibova: "Avropa çempionatında medal qazanacağımıza inanıram"

0:00 Aug 02, 2017
Şəfaqət Həbibova:

Qadınlardan ibarət voleybol yığmamız Bakıdakı təlim-məşq toplanışını başa vurmaq üzrədir. Sabah millimiz Sloveniyaya yollanacaq. Təxminən 1 aylıq təlim-məşq toplanışı çərçivəsində Mariborda bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Zədəsini tam sağaldaraq sıraya dönən toppaylayıcı Şəfaqət Həbibova hazırlıq prosesi ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

“Dünya çempionatının seçmə mərhələsindən sonra 2 həftə istirahət etdik. İstirahətdən sonra oyunçuların fiziki hazırlığı çox vacib olur. Baş məşqçi Faiq Qarayev fiziki hazırlığımızı artırmaq üçün səfalı şəhərlərimizdən biri olan Qubada hazırlığa start verdi. Daha sonra Bakıda və Göygöldə test oyunları keçirdik. Arenalar Avropa çempionatının keçirilməsi üçün gözəl vəziyyətə gətirilib. İndi məşqlərimizi Bakıda davam etdirdik. Artıq avqustun 4-də Sloveniyaya yola düşəcəyik. Orda bizi həm fiziki, həm də topla hazırlıqlar gözləyir. Sloveniyada bir neçə yoldaşlıq görüşü keçirəcəyik və hazırlığın sonunda İtaliyaya səfər edəcəyik. Orda yerli yığma ilə yoldaşlıq görüşlərimiz olacaq. Avropa çempionatı bizim üçün çox vacib yarışdı. Bildiyiniz kimi, mən İslam Həmrəyliyi Oyunlarında əməliyyatdan sonra tam hazır olmadığım üçün komandaya kömək edə bilmədim. İndi isə özümü yaxşı hiss edirəm. Artıq bütüm gücümlə məşq edirəm. İnanıram ki, qitə birinciliyində komandaya əlimdən gələn köməkliyi edə bilərəm. Avropa çempionatında medal qazanacağımıza inanıram”.

news & media feed VIEW ALL