Azərbaycan təzyiq altında Macarıstana, Polşa isə ağır mübarizədən sonra Almaniyaya qalib gəldi

0:00 Sep 22, 2017
Azərbaycan təzyiq altında Macarıstana, Polşa isə ağır mübarizədən sonra Almaniyaya qalib gəldi
Ev sahibi Azərbaycan Macarıstanla oyunun startında təzyiqlə üzləşdi. Bu da evdə debütlə bağlı idi. Ancaq onlar bu təzyiqin öhdəsindən gələ bildi. Yenidən öz oyun üslubuna qayıtdılar. Nəticədə Macarıstana 3-0 (25-23, 25-14, 25-16) hesabıyla qalib gəldilər. Beləliklə, A qrupunda gözəl başlanğıc etdilər. Ölkə prezidenti İlham Əliyevin də təşrif buyurduğu Milli Gimnastika Arenasında keçirilən oyundan əvvəl Avropa çempionatının açılış mərasimi təşkil olundu. A qrupunun digər oyununda Polşa tay-brekdə Almaniyaya qalib gəldi - 3-0 (23-25, 25-15, 18-25, 25-23, 15-5).
 
Macarıstan - Azərbaycan 0-3 (23-25, 14-25, 16-25)
Ev sahibinin oyununu MGA-da 4500-dən artıq tamaşaçı izlədi. Macarıstan dərhal oyun ritmini tutdu. İkinci texniki fasilədən sonra Azərbaycan özünə gəldi. İlk setin sonlarında rəqibi təzyiq altına salan meydan sahibləri azarkeş dəstəyi altında ilk seti hesabına yazdı. Son xalı Polina Rəhimova qazandı (25-23).
İkinci setdə onlar əsl şou göstərdi. Rəhimova demək olar ki, qarşısıalınmaz idi. Macarıstan ciddi bir şey ortaya qoya bilmədi. Ancaq macar azarkeşlər sevimli komandalarından dəstəklərini əsirgəmirdi. İkinci setdə Rəhimovanın məhsuldarlığı fonunda Azərbaycan 25-14 hesablı qələbə əldə etdi.
Azərbaycan 3-cü setdə yalnız ilk texniki fasiləyədək rəqibin ciddi müqaviməti ilə üzləşdi. Ev sahibi yavaş-yavaş üstünlüyünü artırdı (17-12). Oyunda yekun xalı Kseniya Poznyak qazandı və bu set 25-16 hesabıyla yekunlaşdı.
 
Reaksiyalar
Rita Bokorn Liliom, Macarıstan yığmasının kapitanı: "İlk setdə istədiyimiz kimi oynayırdıq. Ancaq 16-11 hesabından sonra konsentrasiyanı itirdik. Bu da bizdən asılı olan məsələdir. Geridönüş etmək istəsək də, onlar hər zaman bizdən 1-2 addım öndə idi. Polşa ilə növbəti oyuna gəlincə, bütün gücümüzü ortaya qoyacağıq. Sonadək mübarizə aparacaq və asan təslim olmayacağıq".
 
Alberto Salomoni, Macarıstan yığmasının baş məşqçisi: "Oyuna çox yaxşı başladıq və Azərbaycanı çətin vəziyyətə saldıq. Yaxşı strategiyamız var idi. Oyunun əvvəllərində qızlar bunu çox yaxşı yerinə yetirdi. Təəssüf ki, ilk seti uduzduq. Bu seti qazansaydıq, hər şey fərqli ola bilərdi. İlk seti qazandıqdan sonra Azərbaycan daha sərbəst oynamağa başladı. Onlar Rəhimova və Məmmədova kimi silahlarından istifadə etdilər. Bu isə bizi çətin vəziyyətə saldı. Deməzdim ki, biz pis oynamağa başladıq. Sadəcə, Azərbaycan yaxşı oynayırdı. Növbəti mərhələyə yüksəlmək üçün qalan 2 oyunda əlimizdən gələni edəcəyik".
 
Kseniya Poznyak, Azərbaycanın oyunçusu: "İlk set bizim üçün çətin keçdi. Biz öz ritmimizi tapa bilmirdik və çoxlu səhvlərə yol verdik. Setin sonlarında Şəfaqət Həbibova əla çıxış etdi və nəticədə təşəbbüsü ələ keçirdik. İndi qələbənin dadını çıxarırıq. Ancaq bu oyunu unudub, Polşa ilə görüş haqqında fikirləşmək lazımdır. Bugünkü oyundan daha yaxşı çıxış etməliyik". 
 
Famil Аğаyev, Azərbaycanın köməkçi məşqçisi: "Oyunçular bütün ili Avropa çempionatının başlamasını gözləmişdi. Ona görə də startda həyəcan hiss olunurdu. Komanda öz oyununu göstərə bilmirdi. Bu, bizim ən gözəl oyunumuz olmasa da, hər top uğrunda mübarizə apardıq. İndi çox məmnunuq. Növbəti matçda əlimizdən gələni etməliyik".
 
Polşa - Almaniya 3-2 (23-25, 25-15, 18-25, 25-23, 15-5)
 
Avropa çempionatının ilk gününün son oyununda hər iki komanda gözəl oyun nümayiş etdirdi. Almaniya gərgin mübarizənin yekununda ilk seti qazandı (25-23). Ancaq Almaniyanın kapitanı Maren Fromm 2-ci setdə eyni oyunu sərgiləyə bilmədi. "Ağ-qırmızılar" bu seti çətinlik çəkmədən hesabına yazdı (25-15). Bu tendensiya 3-cü setin əvvəllərində də davam etdi. Lakin daha sonra almanlar özlərinə gəldi. Feliks Kazlovskinin yetirmələri yenidən önə keçdi (25-18). Dördüncü setdə də almanların nisbi üstünlüyü var idi. Ancaq polşalılar dramatik mübarizədə geri dönüş edib, ümumi hesabı bərabərləşdirdi. Tay-brekdə rəqibə heç bir şans tanımayan Polşa AÇ-yə qələbəylə başladı.
 
Yacek Navroçki, Polşanın baş məşqçisi: "Almaniya üzərində qələbənin böyük dəyəri var. Çox şadam ki, yetirmələrim fiziki və psixoloji savaşdan qalib ayrıldı. Bu oyunda böyük əsəb gərginliyi keçirdik".
 
Oyunun ən məhsuldar (36 xal) voleybolçusu Malvina Smarjek: "Dördüncü setdə almanlar 17-14 öndə olanda bloka hücum etsəm də, hakimlər bunu görmədi. Hesab 17-15 olmalıydı, 18-14 oldu. Biz bu hakim səhvinə görə oyunu 1-3 uduza bilərdik. Ancaq bunu unudub oyunumuza kökləndik. Biz ilk növbədə qrupdan çıxmaq haqda düşünməliyik. Avropa çempionatında oynayan kişilərdən ibarət yığmamızdan fərqli, bizim üzərimizdə böyük təzyiq yoxdur".  
XƏBƏRLƏR VƏ MEDİA HAMISI