Avropa çempionatının Təşkilat Komitəsinin iclası keçirilib

0:00 Aug 01, 2017
Avropa çempionatının Təşkilat Komitəsinin iclası keçirilib

Dərnəgül Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov Avropa çempionatının Təşkilat Komitəsinin nümayəndələri ilə görüşüb. AVF başqanı görüşdə bunları deyib: “Artıq neçə illərdi ki, ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi edir. AVF-ni qarşıda böyük imtahan gözləyir desək, doğru olar. 80-dən çox ölkəyə yayınlanacaq Avropa çempionatı Bakıda və Göygöldə keçiriləcək. Qitə birinciliyinin Gürcüstanla birgə keçirilməsinə baxmayaraq, böyük məsuliyyət Azərbaycanın üzərinə düşür. Çünki 3 qrupun, yarımfinal və final oyunları ölkəmizdə keçiriləcək. Hər birimiz əlimizdən gələni etməliyik ki, yarış iştirakçıları, qonaqlar, jurnalistlər təşkilatçılığımızdan razı qalsın. İnanıram ki, bu yarışı da yüksək səviyyədə keçirəcəyik. Hər hansı sualınız olarsa, AVF hər zaman bu sualların həlli üçün sizə kömək etməyə hazırdır. Mən, AVF-in vitse-prezidentləri, əməkdaşlarımız bütün suallara cavab verə bilərik. Bildiyiniz kimi, federasiyada 1-ci vitse-prezident Faiq Qarayevdi. Amma o həm də qadınlardan ibarət millimizin baş məşqçisidi. Avropa çempionatının başlanmasına az vaxt qalıb. Düşünürəm ki, Faiq Qarayevi hər hansı təşkilati suallarla narahat etməyək. Çünki ən böyük məsuliyyət onun üzərindədi. Fikrimcə, komandamız Avropa Çempionatında yüksək nəticə əldə edəcək. Qızlarımız buna layiqdir”.

Faiq Qarayevin səsləndirdiyi fikirlər isə belə olub: “AVF bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Avropa çempionatı isə daha böyük məsuliyyət deməkdi. Həm federasiya olaraq, həm də komanda olaraq üzərimizə böyük yük düşür. İnanıram ki, Cavid Qurbanovun dediyi kimi, bu imtahandan da yüksək nəticə əldə edəcəyik. Qeyd edim ki, iyulda CEV nümayəndələri ölkəmizdə 10 gün səfərdə oldular. Bu səfərin məqsədi Bakıda və Göygöldə test oyunlarının keçirilməsi idi”.

CEV rəsmilərinin səfəriylə bağlı AVF-nin nəznində fəaliyyət göstərən Voleybol Reginal İnkişaf Mərkəzinin rəhbəri və Avropa çempionatının təşkilatı üzrə məsul şəxs Nərgiz İsmayılova məruzə edib: “İyulun 22-də Milli Gimnastika Arenasında, bundan 3 gün sonra isə Göygöl Olimpiya İdman Kompleksində test oyunu keçirildi. Bu görüşlərdə məqsəd arenalarda işıqlandırma sistemi, “Çelenc” sistemi, led sistemi və başqa texniki məsələlərin yoxlanılmasıydı. Nəzərinizə çatdırım ki, CEV-dən gələn qonaqlar arenalardan razı qaldı. İyulun 28-də Heydər Əliyev Mərkəzinin qarşısında voleybol festivalı keçirildi. Qeyd edim ki, festival Avropa çempionatının təbliğı məqsədi ilə təşkil olunmuşdu. Tədbirdə milli üzvləri də iştirak etdi. Bu fetivala görə CEV-dən təşəkkür məktubu da aldıq. Artıq onlayn və Bakıda kassalarda AÇ-nin biletlərinin satışına da start verilib. Bu gün üçün hər hansı həll olunmayan məsələmiz yoxdur”. 

XƏBƏRLƏR VƏ MEDİA HAMISI