Bakıda voleybol festivalı yüzlərlə uşağı əhatə edir

0:00 Jul 28, 2017
Bakıda voleybol festivalı yüzlərlə uşağı əhatə edir

Bu gün Heydər Əliyev Mərkəzinin parkında ölkəmizdə keçiriləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə həsr olunmuş festival keçirilib. Voleybol festivalı açıq havada təşkil olunub. Tədbirdə orta məktəblərin şagirdləri, qadınlardan ibarət voleybol üzrə milli komandamızın üzvləri iştirak ediblər. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirakçılara idmanın bu növü üzrə qaydalardan, voleybolun tarixindən, ölkəmizdə keçirilmiş və gələcəkdə təşkil ediləcək yarışlar haqqında ətraflı məlumat veriblər. Sonra şagirdlər milli komandamızın oyunçuları ilə yaxından tanış olublar. Festival çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında üç voleybol toru qurulub. Əvvəlcə məşqçilərin nəzarəti ilə topsuz və topla isinmə hərəkətlərini yerinə yetirən uşaqlar daha sonra qadın voleybolçular və media nümayəndələrindən ibarət komandalarla yarışlarda qüvvələrini sınayıblar. Sonda məktəblilər arasında viktorina təşkil olunub.

Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının nəzdində fəaliyyət göstərən Voleybol İnkişaf Mərkəzi tərəfindən keçirilən festival dörd mərhələdən ibarətdir. Birinci mərhələ apreldə Bakıda - Xətai idman məktəbində, ikinci mərhələ Şəki və Gəncə şəhərlərində keçirilib. Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan tədbir festivalın üçüncü mərhələsidir. Dördüncü mərhələ isə sentyabrda - Avropa çempionatının başlanmasından bir neçə gün əvvəl keçiriləcək.

XƏBƏRLƏR VƏ MEDİA HAMISI